DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi gənclər hərəkatının fəallarına çıxarılan məhkəmə qərarını qəti surətdə pisləyən bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda, o cümlədən, bildirilir: “Xəbər verildiyi kimi, gənclər hərəkatının öncüllərindən olan Emin Milli və Adnan Hacızadəyə 2,5 və 2 il müddətində azadlıqdan məhrum etmə cəzası verilib. Bu, bötövlükdə ölkəmizin nüfuzuna və o cümlədən, məhkəmələrin müstəqilliyinə və ədalətliyinə inama ciddi surətdə zərbə vuran bir hadisədir. Belə ki, məhkəmə araşdırmalarında gənclərin suçunu sübuta yetirəcək hər hansı dəlil ortalığa qoyulmadı. Əksinə, sübut olundu ki, gənclərin özləri hücuma məruz qalmışlar. Və hücum nəticısində məhz Emin Milli və Adnan Hacızadə ciddi xəsarət alıblar. İndi də ən qəribəsi budur ki, zərər çəkmiş insanlar özləri azadlıqdan məhrum edilmişlər.
DEVAMM olaraq, birmənalı olaraq, baş verənləri ədalətsizlik və qeyri-obyektivlik kimi qiymətləndiririk. Acı təəssüf hissi ilə qeyd edirik ki, məhkəmə institutu ədalətin zəfər çaldığı bir məkan olaraq özünü göstərə bilmədi. Əksinə, məhkəmələrimiz fərqli baxışlara malik insanları cəzalandırmaq aləti rolunu oynayır.
Biz, ümdə insan haqları pozulmuş bu gənclərlə həmrəyliyimizi bəyan edir və ümid bəsləyidik ki, apellyasiya mərhələsində bu ədalətsizliyin aradan qaldırılmasına böyük ümidlər bəsləyirik”.
Xəbər xidməti