Society for Humanitarian Research - http://humanrights-az.org
Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin ilk iclası keçirildi
http://humanrights-az.org/articles/1068/1/
Dərc olunub 24.01.2010, 20:50
 

Yanvarn 21-24-də Brüssel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı (ŞTP) Vətəndaş Cəmiyyəti Forumunun (VCF) İdarə Heyətinin ilk iclası keçirildi.

 

Tədbirdə Şərq Tərəfdaşlığı Proqramının ələqələndiricisi cənab Bruno Dethomas İdarə Heyəti üzvləri qarşısında çıxış edərək, Vətəndaş Cəmiyyəti Forumunu Şərq Tərəfdaşlığı Proqramının vacib strukturu adlandırıb. Eyni zamanda forumun ŞTP  iştirakçısı olan ölkələrlə Avropa İttifaqı arasında inteqrasiya meyllərinin güclənməsində və proqramda nəzərdə tutulan 4 tematik platforma istiqamətində uğurlu partnyor olacağı qeyd olunub.

 

İdarə Heyətində Azərbaycanı təmsil edən Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun sözlərinə görə, “forumun təsis yığıncağından sonrakı dövrdə əsasən internet vasitəsilə forumun gələcək planları ətrafında müzakirələr aparılmışdır. İndi isə İH-nin iclası forumun strukturunu, mandatını, informasiya strategiyasını, lobbiçilik və siyasət sənədlərini hazırlamaq istiqamətində planlarını müəyyən etmişdir”.

 

Eyni zamanda Forumda iştirak üçün ərizələrin qəbul olunması, seçim qaydaları barədə müzakirələr aparılmışdır. Daha sonra növbəti ümumi toplantının 15-17 noyabr 2010-cu ildə Brüssel şəhərində keçiriləcəyi qərara alınmış və 4 platforma çərçivəsində keçiriləcək görüşlərin yeri və vaxtı müəyyən olunmuşdur.

 

* Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu 15-16 noyabr 2009-cu il tarixdə yaradılmışdır. Tədbirdə Azərbaycandan 21 QHT nümayəndəsi iştirak etmişdir.