Humanitar Tədqiqatlar Cəmiyyəti yanvarın 29-da Bakı şəhərində Acıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Azərbaycan) maliyyə dəstəyi ilə icra etdiyi “HTC-nin institutsional dəstəyi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi.
Təşkilatın Bakı, Gəncə və Bərdə şəhərlərindən olan fəalları və partnyorları üçün HTC-nin insan hüquqları və münaqişələrin aradan qaldırılması sahəsində apardığı iş, həyata keçirdiyi layihələr və proqramlar barəsində məlumat verilmişdir. Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində vətəndaş cəmiyyəti səviyyəsində səylərinin zəiflədiyi qeyd olunmuş və ictimai fəaliyyətlə məşğul olan insanlarda, xüsusən regionlarda hüquqların qorunmasına dəstək olan vərdişlərin azaldığı vurğulanmışdır.
Tədbir zamanı layihənin əsas kompanentlərindən biri olan təşkilatın fondun dəstəyi ilə yenilənən internet ünvanın inkişaf etdirilməsi və onun regionlardan insan hüquqları ilə bağlı məlumatlarla təmin olunmasına yönələn təkliflər müzakirə olunmuşdur. Təşkilatın fəalları və partnyorlarına sosial şəbəkələr və internet yayım xidmətlərinin imkanlarından istifadə edərək məlumatı operativ çatdırmaq yolları barədə təlim keçirilmişdir.
HTC-nin icra etdiyi layihə çərçivəsində birinci bu tip tədir 2009-cu ilin oktyabr ayında Gəncə şəhərində ətraf rayonlardan olan hüquq müdafiə təşkilatları fəallarını cəlb etməklə keçirilmişdi.
HTC direktoru Əvəz Həsənov qeyd etmişdir ki, “aprel ayında nəzərdə tutulan növbəti tədbir zamanı, regionlarda insan hüquqlarının qorunması işini gücləndirmək məqsədilə təkliflər sənədi təqdim olunacaq və təşkilatların potensialının artırılmasına yönələn tövsiyələr hazırlanacaqdır”.
* Humanitar Tədqiqatlar Cəmiyyəti 1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanda və dünyada fəaliyyət göstərən 10-a yaxın beynəlxalq koalisiyaların üzvüdür.
Mətbuat Mərkəzi