Society for Humanitarian Research - http://humanrights-az.org
Avropa İttifaqı Azərbaycanla Tərəfdaşlığı inkişaf etdirir
http://humanrights-az.org/articles/1080/1/
Dərc olunub 11.02.2010, 16:00
 

Avropa İttifaqı (Aİ) və Azərbaycan Hökuməti Hərtərəfli İnstitusional Quruculuq proqramının intensiv hazırlığına başlamışlar. Aİ tərəfindən maliyyələşən proqram Şərq Tərəfdaşlığı təşəbbüsünün konkret nəticəsi olub, növbəti 3 il ərzində icra ediləcəkdir. Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün burada məqsəd Aİ ilə Azərbaycan arasında gələcək Assosiasiya Sazişi ətrafında danışıqlar aparmaq və onu icra etmək üçün müxtəlif hökumət qurumlarını möhkəmləndirməkdir.

 

Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Roland KOBİA bu həftə keçirilmiş rəsmi görüşlərdən sonra bəyanat vermişdir: "Bir sıra hökumət qurumu və Vətəndaş Cəmiyyəti Təşkilatları ilə çox faydalı müzakirələrimiz oldu. Bu, Azərbaycanda Şərq Tərəfdaşlığının icrası istiqamətində atılan konkret bir addımdır". Səfir KOBİA Avropa İttifaqının Brüsseldəki Baş İdarəsindən gələn Aİ rəsmiləri x-m Karin QAT RUTTER və x-m Katya SALSBAKdan ibarət proqramlaşdırma missiyasına rəhbərlik etmişdir. Missiya 08-11 fevral tarixlərində Bakıda olmuş, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Qulluğu Komissiyası, eləcə də Vətəndaş Cəmiyyəti Təşkilatları ilə məsləhətləşmələr aparmışdır. Ədliyyə sektoru, ticarət məsələləri və ümumiyyətlə dövlət idarəçiliyi üzrə hökumət qurumlarının potensial quruculuğuna yardım göstərilməsi nəzərdə tutulur. Növbəti həftələrdə müfəssəl çərçivə proqramı birgə hazırlanacaqdır.

 

Aİ-Azərbaycan arasındakı əlaqələrin 2009-cu ilin may ayında başlanmış Şərq Tərəfdaşlığı çərçivəsində dərinləşməsi Aİ-Azərbaycan arasındakı müqavilə əsaslı əlaqələrin təkmilləşdirilməsi və Assosiasiya Sazişinin imzalanması perspektivini əhatə edir. Şərq Tərəfdaşlığında ÜTT-yə üzvlülük məsələsi həll olunan kimi Dərin və Hərtərəfli Azad Ticarət Məkanlarının (DHATM) qurulması ilə Aİ ilə həm də yaxın iqtisadi və ticarət əlaqələrinin qurulması nəzərdə tutulur. Hərtəfərli İnstitusional Quruculuq proqramı çərçivəsində Aİ ilə bağlanacaq gələcək sazişlər ətrafında danışıqların aparılmasına və onların icrasına Azərbaycanın hazırlaşmasına yardım göstəriləcəkdir.