02.03.2010, 15:03
Jurnalistləri Müdafiə Komitəsi 2009-cu il JMK Beynəlxalq Mətbuat azadlığı Mükafatı laureatı, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı yeni açılmış narkotik ittihamına görə təcridxanada saxlanma müddətinin 2 ay uzadılması ilə bağlı Azərbaycan mətbuatının verdiyi məlumatlara cavab olaraq bəyanat yayıb.
"Yeganə cinayəti cəsarətli jurnalistika olan həmkarımız Eynulla Fətullayevin davam edən həbsi bizi çox məyus edir" - deyə JMK-nın Avropa və Mərkəzi Asiya üzrə Proqram Kordinatoru Nina Ognianova bildirib. "Azərbaycan ictimaiyyətinin Fətullayevin yazılarından məhrum olması böyük itkidir və bu gün mərhum redaktor Elmar Hüseynovun üstü açılmamış qətlinin beşinci il dönümündə xüsusilə hiss olunan bir itkidir. Hüseynovun qətlə yetirilməsinin rəsmi istintaqında heç bir nəticə əldə olunmayıb və işini onun cinayətinin üstünün açılmasına həsr etmiş Fətullayev isə həbsxanada çürüyür. Biz Azərbaycan hökumətini onu dərhal azad etməyə səsləyirik" – deyə bəyanatda bildirilir.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.