Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) və Avro-Atlantik Mərkəzin (AAM) birgə təşkilatçılığı ilə Azərbaycan İnsan Hüquqları Evində “Dağlıq Qarabağ münaqişəsinin həlli: Mümkün variantların təhlili və tərəflər arasında kompromisin həddi “Dilemma Oyunu” öz işinə başladı. 03-07 may 2010-cu il tarixdə keçiriləcək bu oyuna müxtəlif universitetlərin tələbələri və Qeyri Hökumət Təşkilatları təmsilçiləri olan 45 nəfər iştirakçı qatılmışdır.
Bir aydan çox davam edən seçim mərhələsindən sonra tədbirə dəvət almış gənclər 7 qrupa bölünərək Ermənistan və Azərbaycan münaqişəsinin həlli ilə bağlı variantları müzakirə edəcəklər. Eyni zamanda mövcud variantların təhlili və qərarların qəbulunda razılığa gəlmək bacarıqlarını nümayiş etdirəcəklər.
Beynəlxalq Krizis Qrupunun Azərbaycan üzrə təmsilşisi Təbib Hüseynov və HTC direktoru Əvəz Həsənov tədbir iştirakçılarını Ermənistan və Azərbaycan arasında son zamanlar münaqişənin həlli istqamətində aparılan danışıqlar və tərəflərin mövqeyi barəsində məlumatlandırdıqdan sonra qruplar variantların müzakirəsinə başlamışlar. Mayın 7-də müzakirə olunan variantlar səsverməyə çıxarılacaq və qrupların bacarıqları qiymətləndiləcəkdir.
Tədbirin partnyoru uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhyaratma psosesində fəal iştirak edən Britaniyanın Beynəlxalq Həyəcan təşkilatıdır.
* 2009-cu ilin noyabr ayında HTC və NATO Azərbaycan Beynəlxalq Məktəbi tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” Simulyasiya oyunu keçirilmişdi. HTC 2010-cu ildə gənclər arasında simulyasiya tədbirlərini Bakıda və regionlarda davam etdirəcəkdir.