- 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı?
Publisistlər Qarabağ movzusunda dünya çapına çıxacaq dəyərli əsərlərin olmadığını bildirirlər
Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) 2009-cu ilin yanvar ayından başlayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində vətəndaşların daha aktiv iştirak etməsinə şərait yaratmaq məqsədi ilə mətbuatda müzakirələrin keçirilməsinə başlamışdır. Müzakirələr DQ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən mövzuları əhatə edir. HTC tərəfindən icra olunan bu layihənin partnyoru İngiltərənin Beynəlxalq Həyəcan Təşkilatıdır. (International Alert)
Bu silsilədən növbəti yazını oxuculara təqdim edirik.
HTC-nin təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan bədii ədəbiyyatı” mövzusunda azərbaycanda ilk dəfə müzakirəsinə həsr olunmuş dəyirmi masa müasir bədii mühitimizdə tanınan gənc yazıçı və publisistləri bir araya gətirdi. Tədbirdə aparılan fikir mübadiləsində DQ münaqişəsinin ədəbiyyatımızda, kinomatoqrafiyamızda əks olunması, münaqişənin tarixini, insanların münaqişədən əvvəl və sonrakı yaşayışını əks etdirən yazılar və sənət nümunələrinə toxunuldu. Gənc yazıçılar Səlim Babullaoğlu, Taleh Şahsuvarlı, Rasim Qaraca, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, satirik şair Mirzə Sakit, jurnalist Qan Turalı, Arzu Soltan, konfliktoloq Rauf Rəcəbov çıxışlarında bu mövzu ətrafında ilk dəfə olaraq müzakirənin keçirildiyini qeyd etdilər.
HTC-nin direktoru Əvəz Həsənov tədbirin əhəmiyyətindən danışaraq qeyd etdi ki, münaqişənin siyasi həlli mümkün olmadığı zamanda ədəbiyyatın cəmiyyətdə fikir formalaşdırılmasında rolu böyükdür, dövlətin bu sahəyə diqqətinin səviyyəsindən asılı olmayaraq yazarların prosesdə əhəmiyyətli rolu danılmazdır. Ə.Həsənov xüsusən gənc yazarların Qarabağ mövzusuna diqqətinin, yanaşma tərzinin vacib olduğunu qeyd etməklə yanaşı, bütövlükdə problemin bədii ədəbiyyatda, sənədli əsərlərdə gündəmə gətirilməsinin əhəmiyyətindən söz açdı: “DQ ilə bağlı bədii ədəbiyyat yoxdur və yaxud baş verən hadisələrin bədii ədəbiyyatda təcəssümü yoxdur”.
“Canlanma” romanının müəllifi, publisist Taleh Şahsuvarlı indiyə kimi yazılmış ədəbiyyat nümunələrinin münaqişənin xalqımızın ona verə biləcəyi əsas qiyməti ortaya qoya bilmədiyini qeyd etdi: “Azərbaycanın ədəbi mühitində boşluq var, xüsusən də DQ münaqişəsi ilə bağlı bunu müşahidə edirik. Qarabağ movzusuna bədii münasibətdə bu məqam özünü çox kəskin şəkildə göstərir. Azərbaycanın 2 bəlası var – neft və Qarabağ. Qarabağ movzusu ilə bağlı bədii ədəbiyyatda belə vəziyyətin mövcudluğu 2 qat təəssüf doğurur. Bizdən əvvəlki nəsil Qarabağ movzusuna həsr olunmuş bədii əsərlər yaza bilərdi. Amma yazılmadı. Məsələn, Anardan bu gözlənilirdi. Yaşadığımız Qarabağ problemi ilə əlaqədar dünya çapına çıxara biləcəyimiz əsərlər yoxdur. Zamanında klassiklərimiz bədii ədəbiyyatda erməni-müsəlman konfliktini qələmə alıblar. Cəfər Cabbarlı “1905-ci ildə”ni, Cəlil Məmmədquluzadə “Kamança”nı qələmə almışdı. Amma indi biz bu səviyyədə Qarabağ movzusunda belə əsərlərimizin olduğunu deyə bilmərik. Bir vaxtlar indiki nəsil şəhidlərin ruhuna qəzetlərdə məqalələr yazırdı, sonra nostalji hisslərlə Şuşa, Laçın həsrətli yazılar yazıldı, indi bunlar da yoxa çıxmaqdadır. Ara-sıra hekayələr qələmə alınır. Postkonflikt ədəbiyyatının əsasını qoyan bizim gənc həmkarımız Seymur Baycanın yazıları olub. Onun Ermənistana səfərlərnin memuar janrında yazılması oxucu üçün maraqlı idi. Son vaxtlar rast gəldiyim əsərlərin içərisində Eldəniz Elgünün ”On üç günlük min bir gecə” və Aqil Abbasın “Dolu” romanının adını çəkmək istəyirəm. Sırf mətn baxımından “Dolu” romanını dilinə, süjetinə görə, müharibə janrına həsr olunan çox ciddi əsər kimi qeyd etmək mümkündür. Mən “Canlanma”nı yazanda ilk dəfə roman yazmaq iddiasında olduğumdan bunun çox çətin olduğunu gördüm. “Canlanma” əsəri müharibəyə həsr olunmasa da, onda müharibəyə baxışlar var. Qarabağ məsələsinə ədəbiyyatda bu gün dəyərli baxışın olmaması günümüzün reallığıdır”.
Inam Plüralizm Mərkəzinin direktoru V.Qazi
“Problemi Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ adlandırırlar. Hesab edirəm ki, problemin adı Qarabağdır və belə də adlandırılmalıdır. Xüsusən, buna yazıçıların diqqət yetirməsi vacibdir. Dövlət sifarişi ilə bədii əsərlər qələmə almaq bəzən uğurlu alınmır. Bizdə Qarabağ movzusunda filmlər çəkilir, amma yadımda qalan uğurlu əsər yoxdur. Son dövrlərdə oxuduqlarımın arasında yadımda qalan Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”dir. Dəyərli əsərlərin ərsəyə gəlməsi üçün yəqin zaman lazımdır”.
“Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakit
«Qarabağ məsələsini satiralaşdırmaq, ironiyalaşdırmaq olmaz. Amma siyasi hakimiyyətin Qarabağ məsələsini şəffaf aparmamasını satiralaşdırmaq olar. Qarabağ ciddi problemdir. Amma onu ironiyalaşdırıblar. Bu cəmiyyətin günahı deyil. Çox istəyərdim ki, Qarabağ məsələsi şəffaf olsun ki, onunla əlaqədar qələmə alınan əsərlər də dəyərli olsun. Bu yaxınlarda bir yazıçının yanında vətəndaşın hüquqları kobud şəkildə pozulurdu. Mən etirazımı bildirəndə yazıçı siyasətə qarışmadığını söylədi. Amma bir neçə gündən sonra qəzetdə onun vətənpərvərliyi tərənnüm edən yazısını gördüm. Yazarın içində vətənpərvərlik olmasa, yazdıqları onun özünə qayıdacaq. Yazan siyasətə də qarışmalıdır, inqilabçı da, fəhlə də olmalıdır, lazım gələndə müharibəyə də getməlidir”.
Jurnalist Seymur Baycan
“Qarabağla bağlı son dövrlər xeyli əsərlər yaranıb: Onlar ümumilikdə 2 süjet üzərində qurulub. Birincisi, lənətləmə, ikincisi, misilsiz qəhrəman obrazı. Qarabağ movzusu artıq predmetə çevrilib. Adamlar var ki, hakimiyyətə qarşı söz deyə bilmirlər, Qarabağla bağlı saxta vətənpərvərlik edirlər. Bu artıq konyukturaya çevrilib. Konyukturada televiziyalar, radio və karyera qurmaq istəyənlər də maraqlıdır”.
Yazıçı Səlim Babullaoğlu
“Son dövrlərdə qələmə alınan çoxlu əsərlər var ki, onlardan: “Nurəngiz Günün poemalarını, Elçin Hüseynbəylinin hekayələrini, Ələkbər Əliyevin, Zahir Əzəmətin, Rasim Qaracanın qələmə aldıqlarını qeyd etmək olar. Amma “Hərb və Sülh” səviyyəsində bizdə hələ əsər yaranmayıb. Azərbaycanda qeyri-müəyyən situasiyadır. Müharibə nə var, nə də yoxdur. Əgər yazıçı, şair yaşadığı situasiyanı bilmirsə, o nə yazacaq? Azərbaycanda bir çox əsərlər plakat xarakteri daşıyır və şair kimi məni qane etmir, ürəyimi bulandırır, bu da onu göstərir ki, bizdə müharibəyə münasibət doğru deyil. Sovet dövründə qələmə alınan “Ana və poçtalyon” və Konstantin Simonovun “Gözlə məni” əsərlərini yadınıza salmaq istəyirəm. Mən bu əsərləri qiymətli hesab edirəm. Şostakoviçin simfoniyası müharibə dövrü ilə bağlı yazılan əsərlərin içərisində ən qiymətlilərdəndir. Niyə bizdə belə əsərlər yaranmır? Ölkədəki ictimai-siyasi ab-hava qeyri-müəyyəndir. Bu gün “Dəyərli əsərlər nə zaman yaranacaq?” sualına cavab vermək çətindir. Vilyam Sarayanın hekayələrini oxuyanda təəccüb etdim ki, bu qədər haqsız olasan, amma bədii-estetik baxımdan belə əsər yazasan. Bu mənə pis mənada təsir edir və təəccübləndirir”.
Konfliktoloq Rauf Rəcəbov
“Müharibə zamanında əqidəni, ruhu qaldırmaq üçün əsərlərin yaranmasının lazım olduğunu söylədi: “Bunun üçün əsərlər yazılmalıdır. Taleh Şahsuvarlının “Canlanma” romanını qələmə almasını alqışlayıram. Bədii ədəbiyyatın müharibəni təbliğ etməyin əleyhinəyəm. Henrix Böl müharibəni görüb və qələmə alıb, bu daha çox müharibənin xronologiyasıdır. Bizdə Qarabağ müharibəsinin qiyməti verilməyib, siyasi təhlili aparılmayıb”.
Müstəqil jurnalsit Arzu Soltan
“Mən hazırda Nəriman Nərimanov adına kitabxanada çalışıram. Uşaqların, gənclərin mütaliə etməsi üçün Qarabağ problemi ilə bağlı bizə kitablar lazımdır. Kitabxanalarda uşaqlara təqdim etməyə 20 Yanvar və digər qanlı tarixlərlə bağlı əsərlər yoxdur. Buna ğörədir ki, məktəblilərin, gənclərin Qarabağla bağlı aydın təsəvvürləri yoxdur. Onlar bilmirlər ki, Qarabağda nə baş verib? Bundan başqa, indi bizdə çap olunan kitabların kitabxanalara verilməsinin təmin olunması ilə bağlı sistem yoxdur. Kitabxanaya satışda olan kitabların alınması üçün maliyyə ayrılmır”.
Yazıçı Rasim Qaraca
“Son dövrlərdə istedadlı insanlar tərəfindən qələmə alınan əsərlərin sayı məhdudlaşıb “Qarabağ movzusunda indi əsərlər yazılır. Lakin, onların bizi qane edəcək səviyyədə dəyərli olmasını söyləyə bilmərik. Qarabağ həqiqətləri yazılmalıdır. Müharibə həqiqətləri işğal olunmuş torpaqlardan didərgin düşmüş insanların yaddaşında yaşayır. Bir müddət sonra bu xatirələr silinib itəcək. Kimlərinsə xatirələrini gündəliyinə yazması, sonradan hansısa qələm adamının bu gündəlik əsasında bədii əsər yaratması inandırıcı görünmür. Dünya ədəbiyyatı prinsipləri çərçivəsində problemə yanaşılmalı və qələmə alınmalıdır. Vətənpərlik ruhunun coşdurulması, müharibədə qələbənin əldə olunmasına görə, yoxsa dünya çapına çıxmaq üçünmü əsərlər yaradılmasını bizim ədəbiyyatçılar düşünürmü? Əsl yazıçı sözünün cəmiyyətdə yeri önəmlidir. İstedadlı adamların əsərlər yaratmaq imkanı yoxdur. Bədii ədəbiyyatla yanaşı sənədli əsərlər də yaranmalıdır. Dünya ədəbiyyatında Hemenquey, Remark təcrübəsi var. Amma təəssüf ki, bizim Qarabağ həqiqətlərini dünyaya çıxardacaq səviyyədə nümunələrimiz yox səviyyəsindədir”.
Jurnalist Qan Turalı
“Azərbaycan ədəbiyyatında erməni-müsəlman məsələsində 3 böyük əsərin, Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” və Cəlil Məmmədquluzadənin “Kamança” əsərlərini adlarını çəkmək olar. Bunlar münaqişə ilə bağlı qələmə alınan dəyərli nümunələrdir. Son dövrlərdə Qarabağ movzusu qələmə alınsa da, onlarda yüksək bədii estetik ruh yoxdur. Ədəbiyyat humanist peşədir və müharibə tərəfdarı ola bilməz. Müharibə movzusunu qələmə alanda maksimum soyuqqanlı olmaq lazımdır. Müharibə ilə bağlı Azərbaycan ədəbiyyyatında yalançı vətənpərvərlik, misilsiz qəhrəmanlıq nümunəsi var. Bu problemi həll etmir axı”.
Tədbirdə qeyd olundu ki, cəmiyyət və dövlətin münaqişənin mahiyyəti, qəhrəmanlıq göstərən insanların obrazının yaradılması, münaqişə qurbanlarının həyatını əks etdirməsi baxımından dəyərli sənət nümunələrinin yaradılmasına diqqət yönəltməsi sənət adamlarının da məsuliyyətini artıra bilər.
Materialı hazırladı
Mətanət Müslümqızı
Hörmətli oxucular, təqdim etdiyimiz yazilarla bağlı rəy və təkliflərinizi bölüşmək istəyirsinizsə avazyh@yahoo.com unvanına məktub ğöndərməklə, ideyanın müəllifi Əvəz Həsənovla əlaqə saxlaya bilərsiniz.